Hökümə Qurbanovanın 100 illiyi qeyd edilib

 

   İyunun 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük səhnə ustası, Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.

  

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli aktrisanın ömür yolundan, milli teatrımıza verdiyi böyük töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında” 2013-cü il 4 mart tarixli sərəncamı unudulmaz sənətkarın əməyinə verilən yüksək qiyməti bir daha təsdiq edir.

   Diqqətə çatdırılıb ki, Hökümə Qurbanova aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayıb, böyük dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində Yaxşı rolunda çəkilib. Aktrisanın teatrda ilk rolu isə 1938-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında “Vaqif” tamaşasında gürcü qızı Tamara olub.

   Ömrünün sonunadək çalışdığı bu teatrda Hökümə Qurbanova bənzərsiz obrazlar yaradıb, milli teatr tariximizə parlaq səhifələr yazıb. Aktrisanın əbədiyaşar sənəti həmişə yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti adlarına, Dövlət mükafatına layiq görülüb.

   Yubiley gecəsində sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə aktrisanın yaradıcılıq fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, böyük faciə ustası olan Hökümə Qurbanova komikdramatik rolları da eyni dərəcədə məharətlə ifa edib. Onun yaradıcılığının zirvəsi isə Tofiq Kazımovun quruluş verdiyiAntoniKleopatra” tamaşasında Kleopatra obrazıdır.

   Digər çıxışlarda da sənətkarın yaradıcılıq xüsusiyyətlərindən danışılıb. Vurğulanıb ki, sənətkarın yaradıcılığı yeni nəsil üçün məktəb olaraq qalmaqdadır.

   Tədbirdə aktrisanın çəkildiyi filmlərdən kadrlar göstərilib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında görkəmli aktrisanın oynadığı tamaşalardan səhnələr təqdim olunub. Yubiley gecəsinin rejissorussenari müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

   Yubiley gecəsi haqqında geniş materialı növbəti sayımızda təqdim edəcəyik.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 2.